ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrie (Fransa) yaxın vaxtlarda regiona səfər etməyi planlaşdırırlar. Bu barədə ATƏT-in saytında məlumat verilir.
BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində vasitəçilər Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşərək prezidentlərin oktyabrın sonunda Parisdə keçiriləcək görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.
“Sammitdə Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas elementləri üzrə dialoqu davam etdirməyi planlaşdırırlar. Həmsədrlər münaqişənin nizamlanması yolunda irəliləyişə nail olmaq üçün dövlət başçılarının məhsuldar diskussiya aparacaqlarına ümidvar olduqlarını bildiriblər”, - deyə məlumatda deyilir.
Fransalı vasitəçi P.Andrie sammitin gündəliyinə salınacaq məsələlər barədə nazirlərə məlumat verib.
Həmsədrlər, həmçinin ATƏT sədri Didye Burkhalter ilə görüşərək sülh prosesinin vəziyyətini müzakirə ediblər. Onlar ATƏT sədrinə prezidentlərin Soçi və Uelsdə keçirilmiş son görüşlərinə dair hesabat təqdim edərək ona Paris sammitinə hazırlığın gedişi barədə məlumat veriblər.
Y.Əliyev