Cümə günü Azərbaycan hökuməti və BMT “BMT ilə Azərbaycan arasında Tərəfdaşlıq Çərçivələri (UNAPF) 2016-2020”nin təsdiq edilməsi üzrə birgə konfrans keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Konfransın məqsədi milli inkişaf prioritetlərinin əldə edilməsi, UNAPF-in sənədində əks olunan prioritet sahələrə sanballı töhfənin təmin olunması, həmçinin tərəfdaşlar və maraqlanan tərəflər arasında UNAPF sənədinin yekunlarına dair ilkin cədvəlin müzakirəsi və razılaşdırılmasıdır.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, BMT ilə əməkdaşlıq prioritetləri heç bir çətinlik olmadan müəyyən olunub.
“Prioritetlərin müəyyən edilməsi çətin olmadı. Ötən illərlə müqayisədə ölkə BMT-nin on beşinci gündəliyi üzrə də əməkdaşlığa hazır idi”, - deyə o bildirib.
S.Həsənova qeyd edib ki, Azərbaycan BMT-nin on beşinci gündəliyinin müzakirələrində fəal iştirak edir.
Öz növbəsində, BMT-nin
Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk vurğulayıb ki, tərəflər 2016-2020-ci illərdə 3 əsas əməkdaşlıq istiqamətini seçiblər: iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və iş yerlərinin artırılması, təşkilatçılıq potensialının gücləndirilməsi və effektiv ictimai və sosial xidmətlərin təqdim edilməsi, həmçinin ətraf mühit, təbii və antropogen fəlakətlərə qarşı dayanıqlığın təmin edilməsi sahəsində idarəçilik.
“İnanırıq ki, transformasiya vasitəsilə ahəngdar, sabit, səmərəli və məhsuldar tərəfdaşlığa nail olacağıq”, - deyə A.Bruk qeyd edib.
F.İsazadə