Əfqanıstan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinə çıxış əldə etməkdə maraqlıdır. Bu barədə Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə bəyan edib. Bu barədə cümə günü Azərbaycan XİN-in mətbuat xidməti məlumat verir.
Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində keçirilən görüşdə nazirlər ikitərəfli münasibətlərin inkişafı məsələlərinə toxunublar, Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında fikir mübadiləsi aparıblar. Əfqanıstanın xarici işlər naziri ölkəsinin Mərkəzi Asiya vasitəsilə bu dəhlizə çıxış əldə etməkdə maraqlı olduğunu qeyd edib.
Həmçinin tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər, Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinə Azərbaycanın cəlb olunmasının zəruriliyini vurğulayıblar, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
R.Babayev