Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qoyulan qaydalara əməl etməyən turizm obyektlərinin sahiblərinə qarşı sərt tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.
“Əgər otellərdə və turizm əhəmiyyətli digər obyektlərdə tələb olunan qayda və normalara əməl edilməsə, bu obyektlər bağlanacaq”, - deyə Ə.Qarayev Bakıda keçirilən Dünya Turizm Gününə həsr olunmuş beynəlxalq konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, nazirliyin keçirdiyi tədbir, treninq və layihələrdə iştirak etməyən, xidmət və kadr səviyyəsini yaxşılaşdırmayan turizm şirkətləri turizm bazarında fəaliyyət göstərməyəcək.
“Bütün norma və tələblərin pozulması hallarının qarşısını qanunvericilik səviyyəsində alacağıq”,- deyə o əlavə edib.
Nazir, həmçinin qeyd edib ki, turizm sektorunun yüksək inkişaf tempinə baxmayaraq, hər şey heç də istənilən kimi deyil.
“Ölkənin regionlarında keçirilmiş monitorinqlərin yekunları üzrə iki obyektin lisenziyası ləğv edilib, iki obyektlə bağlı iş hüquq mühafizə orqanlarına göndərilib, eləcə də müvafiq normaların pozulması faktı üzrə Səhiyyə və Fövqəladə Hallar nazirliklərinə də müraciətlər edilib”,- deyə Ə.Qarayev bildirib.
A.Zeydullayeva