Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə Koreya Respublikasının səfiri Çoi Suk-in arasında keçirilən görüşdə əməkdaşlığın prespektivləri müzakirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Ümid edirəm ki, ölkələrimiz arasında əməkdaşlıq regionlar səviyyəsində də davam edəcək. Koreya şirkətləri Azərbaycanda fəal iştirak edirlər. Onlardan biri Gəncə-Yevlax avtomobil yolunun tikintisini başa çatdırıb”, – deyə səfir bildirib.
O, Gəncədə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə görüçəcəyini, məcburi köçkün ailəsində olacağını, məcburi köçkün uşaqlarla vaxt keçirəcəyini qeyd edib. Diplomat əlavə edib ki, inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimində iştirak edəcək.
Çoi Suk-in ölkəsi ilə Azərbaycan arasında münasibətlərin nəzərəçarpan dərəcədə inkişaf etdiyini vurğulayıb.
“Bizim hökumətimiz inkişaf təcrübəsini Azərbaycanla bölüşmək üçün layihələr həyata keçirir. Azərbaycanın məktəblərində ağıllı tədris otaqlarının açılışını etmişik. Həmçinin Koreya hökuməti Azərbaycana çirkab suların təmizlənməsi qurğularının və peşə təhsil mərkəzinin tikintisinə kreditlər ayırıb”, – deyə diplomat bildirib.
F.Mehdiyev