Cümə günü SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 4-cü özülə və Çilov adasına səfər edib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Hazırda “Günəşli” yatağında fəaliyyətdə olan quyulardan sutkada 13,3 min ton neft hasil olunur və bu quyuların 80%-i qazlift üsulu ilə istismar edilir. Gələcəkdə qazlift üsulu ilə işləyəcək quyuların sayının və qazlift sisteminə tələb ediləcək gündəlik qaz sərfinin artacağı gözlənilir.
“Şirkətin prezidenti 4-cü özüldə yeni inşa edilmiş Qazlift kompressor stansiyasına baş çəkib. Sutkalıq 3 milyon kubmetr 125 atmosfer təzyiqli qazla təmin edəcək Qazlift kompressor stansiyası 4 aqreqatdan (8 turbin və 12 kompressor) ibarətdir. Bunlardan da 1 aqreqat (2 turbin və 3 kompressor) ehtiyatda saxlanılacaq”, - deyə məlumatda qeyd olunur.
Hər aqreqatın məhsuldarlığı sutkalıq 1 milyon kubmetr təşkil edir. 6 atmosfer təzyiqlə qəbul edilən qaz əvvəlcə 20 atmosferə, ikinci pillədə 45 atmosferə, üçüncü pillədə isə 125 atmosferə qədər sıxılacaq.
Yataqdakı 2, 3 və 4 saylı özüllərdə yerləşən separasiya sistemlərindən stansiyaya sutkalıq 6,8 milyon kubmetrlik alçaq təzyiqli qaz yönəldilir.
Bundan başqa, stansiyada, həmçinin yığılan səmt qazı yüksək təzyiqli qaza çevriləcək və havaya qazların atılması riski tamamilə aradan qaldırılacaq, artıq qalan qaz isə nəql sisteminə ötürüləcək.
Rövnəq Abdullayev qeyd edib ki, Qazlift kompressor stansiyasının istifadəyə verilməsi “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
SOCAR-ın prezidenti “Neft Daşları”ndakı 48 saylı Qazturbinli Elektrik Stansiyasından adaya çəkilən 35 kV-luq kabel xətti və adada inşa edilmiş müasir tipli qapalı 35/6 kV-luq yarımstansiya ilə də tanış olub. Yeni yarımstansiya Çilov adasının enerji ilə təminatını “Bakıelektrikşəbəkə” sisteminə qoşulmadan həyata keçirməyə imkan yaradacaq.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir. Yatağın qalıq ehtiyatları təxminən 180 mln. ton neft və 65 mlrd. kubmetr qaz səviyyəsində qiymətləndirilir.
N.Abbasova