Rəsmi Bağdad son dövrlərdə İraqda baş vermiş hadisələr nəticəsində bir sıra infrastruktur obyektlərinə ciddi zərər dəydiyini qeyd edərək, Azərbaycanın onların bərpasında iştirak imkanlarına baxılmasını xahiş edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
İraqın xarici işlər naziri İbrahim Əl Cəfəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla BMT Baş Asssambleyasının 69-cu sessiyası çərçivəsində görüş zamanı belə bir təklif irəli sürüb.
Görüşdə nazirlər ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə ediblər.
E.Məmmədyarov İraq tərəfi ilə aparılmış görüşlər zamanı əldə olunmuş razılıqlar istiqamətində ardıcıl işlər apardığını tərəf müqabilinin diqqətinə çatdırıb.
O, iraqlı həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin cari durumu və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verib.
E.Məmmədyarov iraqlı naziri ölkəmizə rəsmi səfərə dəvət edib.
Azərbaycan XİN başçısı nikaraqualı həmkarı Samuel Santos Lopezlə də görüşüb.
Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq imkanları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi barədə razılıq əldə olunub.
F.İsazadə