Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirir ki, Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir.
“Ümid edirəm ki, irəliləyişlər olacaq və problem öz həllini tapacaq”, - deyə V.Jirinovski Bakı Slavyan Universitetinin tələbələri ilə görüşdə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bəyan edib.
O, avqustda Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında baş tutmuş üçtərəfli görüşü müsbət qiymətləndirib və Bakı ilə Moskva arasında münasibətlərin gələcəkdə daha da yaxşılaşmasını arzu etdiyini deyib.
Rusiyalı siyasətçi Qarabağı ağrılı nöqtə adlandırıb və qeyd edib ki, “Rusiya bu cür problemlərin olmamasının tərəfdarıdır”.
Deputat qeyd edib ki, Qarabağ münaqişəsinin həllində həm Azərbaycanın, həm də Ermənistanın razı qalması Rusiyaya sərf edərdi.
O, Rusiya cəmiyyətinin Azərbaycana münasibətini müsbət xarakterizə edib.
R.Babayev