Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə əmindir ki, tezliklə Ukraynada sülh əldə olunacaq və bu işdə Rus kilsəsinin də böyük rolu olacaq.
“İki qardaş xalq - ruslar və ukraynalılar arasında baş verənlər fikrimcə, müvəqqəti haldır və çox tezliklə sülh yolu ilə həll olunacaq. Dini lider kimi sizin çiyninizə cox ağır yük düşüb. Əminəm ki, siz tezliklə bu problemin sülh yolu ilə həllinə nail olacaqsınız. Bu məsələdə mən hər zaman sizin yanınızda olmağa və problemin həllində əlimdən gələn köməyi göstərməyə hazıram”, - deyə A.Paşazadə cümə günü Moskvada Moskva və bütün Rusiyanın patriarxı Kirillə görüşdə bildirib.
O, patriarxa Azərbaycan prezidentinin salamlarını çatdıraraq deyib: “Dövlət başçısı söylədi ki, xeyli vaxtdır Zati-aliləri ilə görüşmür və onun Azərbaycana gəlməsini arzu edir”, - deyə A.Paşazadə bildirib.
Şeyxülislam patriarx Kirillin bütün çıxışlarını dinlədiyini söyləyib.
“Bizim sizə və sizin müdrik kəlamlarınıza ehtiyacımız var. Rus xalqı böyük xalqdır və onun dini lideri də böyük şəxsiyyətdir”, - deyə A.Paşazadə qeyd edib.
Görüş çərçivəsində patriarx şeyxi “Dinlərarası əməkdaşlığa göstərdiyi diqqətə görə və 65 illik yubileyi” münasibəti ilə Müqəddəs Moskva Knyazı Daniilin şərəfinə olan birinci dərəcəli ordenlə təltif edib.