Milli Məclisin nümayəndə heyəti bazar ertəsi Strasburqda öz işinə başlayan Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirak edir. Bu barədə parlamentin mətbuat xidməti məlumat verir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyəti bu məqsədlə sentyabrın 28-dən oktyabrın 4-dək Fransada səfərdə olacaq.
Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, avqustun 10-da Türkiyədə keçirilmiş prezident seçkiləri, Ukraynadakı mövcud böhran, Vatslav Havel İnsan Hüquqları Mükafatının təsis olunması, Gürcüstan və Albaniyaya dair monitorinqin nəticələri, təhsildə yaxşı idarəçilik və keyfiyyətin artırılması və digər mövzular müzakirə ediləcək.
Nümayəndə heyətinə deputatlar Sevinc Fətəliyeva, Rövşən Rzayev, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildir.
R.Babayev