Bakı ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub. Bu barədə Azərbaycanın birinci xanımı, “Bakı-2015” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunlarının Afinada keçirilən təqdimatında bəyan edib. Bu barədə bazar ertəsi rəsmi mətbuatın məlumatında deyilir.
“Bakı-2015” Oyunlarının Təşkilat Komitəsinin sədri kimi sizi əmin edə bilərəm ki, oyunların mümkün olan ən yüksək səviyyədə keçirilməsi və idmançılara, rəsmilərə, habelə qonaqlara və yerli vətəndaşlara zəruri şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik”, - deyə M.Əliyeva vurğulayıb.
O qeyd edib ki, Azərbaycana bu oyunları təşkil etmək üçün tarixi fürsət verildiyinə görə fəxr edir. Baxmayaraq ki, Olimpiya hərəkatı Yunanıstanda, Afinada başlayıb və bərpa olunub, Avropada digər qitələrdən fərqli olaraq heç vaxt Avropaya məxsus oyunlar keçirilməyib.
“Bu gün Azərbaycan idman ölkəsi kimi də yaxşı tanınır. Müstəqilliyimizi bərpa etdikdən sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bizim bir çox Avropa və dünya çempionatlarının keçirilməsində də zəngin təcrübəmiz var və bu yarışların hamısı iştirakçılar və rəsmilər tərəfindən yüksək qiymətləndirilib. Mən nümunə kimi 2014-cü ilin iyun ayında Bakıda uğurla keçirilən bədii gimnastika üzrə Avropa çempionatını qeyd etmək istəyirəm”, - deyə M.Əliyeva vurğulayıb.
Onun sözlərinə görə, Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə dair qərarına Azərbaycan həm sevinclə, həm də böyük məsuliyyətlə yanaşır.
“İlk oyunlar gələcəkdə keçiriləcək oyunlar üçün standartları müəyyən edəcək. Bu oyunların keçirilməsi üçün bizə iki il yarım vaxt verilməsinə baxmayaraq, bu gün əminik ki, bütün hazırlıq işləri vaxtında tamamlanacaq. Biz Avropa Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Federasiyası ilə məhsuldar və güclü əməkdaşlığımızdan məmnunuq. Mən həqiqətən də inanıram ki, Bakıda keçiriləcək oyunlarda Olimpiya Oyunlarının ədalətlilik, dostluq və həmrəylik dəyərlərinə riayət olunacaq”, - deyə “Bakı-2015” Təşkilat Komitəsinin sədri vurğulayıb.
Bundan başqa, M.Əliyeva Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimində iştirak edib.
R.Babayev