İndiyədək Mobil İmza (“ASAN imza”) xidməti vasitəsi ilə 3,5 mln.-a yaxın əməliyyat həyata keçirilib. Bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov məlumat verib.
Xəbər verildiyi kimi, 2013-cü ilin aprel ayında ASAN Sertifikat Xidmətləri Mərkəzi akkreditasiyadan keçib və iyul ayından etibarən “ASAN imza”ların verilməsi prosesi başlayıb.
“İndiyədək Azərbaycan vətəndaşlarına, əcnəbilərə, sahibkarlıq subyekti olan fiziki və hüquqi şəxslərə, eləcə də dövlət orqanlarına - İF-Az) 55 mindən çox “ASAN imza” sertifikatı verilib. “ASAN imza” vasitəsilə 3,5 mln.-a yaxın əməliyyat həyata keçirilib”, - deyə N.Əmirov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) üzvləri olan şirkətlərin nümayəndələri ilə işgüzar naharda bildirib.
Onun sözlərinə görə, hazırda bir sıra ölkələr “ASAN imza” layihəsinə maraq göstərir.
“ASAN imza”nı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (“ASAN xidmət”) və Vergilər Nazirliyində almaq olar. “ASAN imza” mobil qurğular vasitəsilə elektron xidmətlərə çıxışı təmin edir.
Xəbər verildiyi kimi, 2013-cü il sentyabrın 1-dən Vergilər Nazirliyi “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” üzrə elektron xidmətləri yalnız “Asan imza” vasitəsilə həyata keçirir.
A.Əzizov