İrəvanda diktator rejimi müasir dünyanın reallıqlarını ağılla qiymətləndirmək iqtidarında deyil. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının dördüncü sammitində bəyan edib.
“Əfsuslar olsun ki, İrəvanda diktator rejimi müasir dünyanın reallıqlarını ağılla qiymətləndirmək və beynəlxalq hüquq normalarını adekvat dərk etmək iqtidarında deyil. Ermənistan rejimi öz cəmiyyətinə Azərbaycana qarşı nifrət təlqin edərək, Azərbaycana qarşı qorxu hissini dövlət siyasəti səviyyəsinə qaldıraraq, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi xarakterizə edərək, münaqişənin uzanmasının mümkün nəticələrinə görə birbaşa məsuliyyət daşıyır”, - deyə Azərbaycanın dövlət başçısı bildirib.
Prezident vurğulayıb ki, Ermənistanın işğalçı siyasəti regional təhlükəsizliyə əsas təhdiddir.
“Əfsuslar olsun ki, regional təhlükəsizliyə əsas təhdid Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətidir. Azərbaycanın tarixi torpağı - Dağlıq Qarabağ və ətraf 7 rayon 20 ildən artıqdır Ermənistanın işğalı altındadır”, - deyə İ.Əliyev qeyd edib.
O, Xəzər hövzəsi dövlətlərinin rəhbərlərinin diqqətini azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrilməsi faktına yönəldib. İ.Əliyev həmkarlarına erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi haqqında xatırladıb.
“Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır”, - deyə prezident vurğulayıb.
“Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”, - deyə İ.Əliyev bildirib.
F.İsazadə