“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2015-2016-cı illərdə Azərbaycanın dövlət büdcəsinin kəsirini ÜDM-in 1-2%-i səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, “Fitch Ratings” Azərbaycanın xarici və milli valyutada emitent defoltunun uzunmüddətli reytinqlərini "BBB-" səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz “sabit”dir. Azərbaycanın xarici və milli valyutada prioritet, təmin edilməmiş istiqrazlarının reytinqləri də "BBB-" səviyyəsində, ölkə həddi "BBB-", xarici valyutada emitent defoltunun qısamüddətli reytinqi “F3” səviyyəsində təsdiq edilib.
Məlumatda qeyd edilir ki, Azərbaycanın dövlət balansı reytinq verilən suveren emitentlər arasında ən güclü balanslardan biridir və reytinqi dəstəkləyir. 2014-cü ilin I yarısının yekunları üzrə Azərbaycan Dövlət Neft Fondunun aktivləri $37,6 mlrd.-a çatıb. “Azərbaycan Mərkəzi Bankının $15 mlrd. məbləğində valyuta ehtiyatları nəzərə alınmaqla ümumi suveren xarici aktivlər ÜDM-in 69%-ni təşkil edir. “Fitch” 2014-2016-ci illərdə cari əməliyyatların hesab profisitinin azalması fonunda suveren aktivlərin orta artımını gözləyir”, - deyə məlumatda vurğulanır.
Agentliyin qiymətləndirmələrinə görə, bu, neftin qiymətlərinin kəskin azaldığı və ya neft hasilatının son dərəcə azaldığı halda təhlükəsizliyi təmin etməlidir.
Məlumatda qeyd edilir ki, 2014-cü ilin 7 ayı ərzində Azərbaycanın dövlət büdcəsinin profisiti 2013-cü ilin analoji dövrünün göstəricisindən aşağı olub.
“Fitch” 2014-cü ildə büdcə kəsirinin az olacağını proqnozlaşdırır (ÜDM-in daha əvvəl planlaşdırılmış 3%-lik səviyyəsindən aşağı). Buna səbəb neftin gözlənilən qiymətlərinin daha yüksək olmasıdır. Agentlik 2015-2016-cı illərdə dövlət büdcəsinin illik ÜDM-in 1-2%-i səviyyəsində kəsirə malik olacağını gözləyir, çünki Azərbaycan hökuməti gəlirlərin azalması fonunda yüksək cari və əsaslı xərcləri dəstəkləyir.
Məlumatda vurğulanır ki, Mərkəzi Bank istehlak kreditləşməsinin artımını qorumaq üçün makroprudensial tədbirlər həyata keçirir. “Bununla belə bank sistemi nisbətən zəif tərəf olaraq qalır. Majoritar dövlət mülkiyyəti olan və bank sistemi aktivlərinin üçdə bir hissəsinə nəzarət edən Azərbaycan Beynəlxalq Bankının (ABB) 500 mln. manat məbləğində cari təkrar kapitallaşmaya baxmayaraq, aktivlərin keyfiyyəti ilə bağlı problemləri var”, - deyə agentlik qeyd edir.
A.Əzizov