Çərşənbə axşamı Milli Məclisin payız sessiyası öz işinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri iclas zalından məlumat verib.
Parlamentin sədri Oqtay Əsədov deputatları payız sessiyasının açılışı münasibəti ilə təbrik edib.
“Yaz sessiyasında 12 plenar iclas keçirilib və 131 qanun və qərar qəbul edilib. Yaz sessiyasının yekunları üzrə dövlətimizin hüquqi bazası möhkəmlənib”, - deyə o vurğulayıb.
Spikerin sözlərinə görə, ilin əvvəlindən parlament beynəlxalq əlaqələri fəal inkişaf etdirib.
“Dünyanın 40 ölkəsindən 67 parlament nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Milli Məclisin xətti ilə, həmçinin NATO, ATƏT, TürkPA-nın Parlament assambleyaları çərçivəsində Azərbaycanda 6 beynəlxalq forum keçirilib”, - deyə O.Əsədov vurğulayıb.
O, payız sessiyasında Milli Məclisin uğurlu fəaliyyətinə əminliyini ifadə edib. Sessiya çərçivəsində, həmçinin Azərbaycanın 2015-ci il dövlət büdcəsinə dair qanun layihəsi müzakirə ediləcək.
R.Babayev