Çərşənbə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində jurnalistlər üçün “Müslüm Maqomayev haqqında xatirələr” filminin təqdimatı olub.
Mətbuat konfransında çıxış edən filmin rejissoru Tofiq İsmayılov qeyd edib ki, 1971-ci ildə əfsanəvi müğənni barədə “Oxuyur Müslüm Maqomayev” adlı ilk film-konserti çəkəndən sonra daha bir neçə film çəkmək arzusunda olub.
“Mən Maqomayev haqqında daha üç film çəkmək istəyirdim. Beləliklə, Maqomayevlə bağlı film xəttini davam etdirmək arzusunda idim. Lakin bəzi səbəblərdən bu arzum elə arzu olaraq da qaldı”, - deyə o vurğulayıb.
“Maqomayev gah səfərdə olurdu, gah da xəstələnirdi. İndi isə biz “Müslüm Maqomayev haqqında xatirələr” filmini çəkdik. Film xoşunuza gəlsə, çox şad olaram”, - deyə T.İsmayılov bildirib.
Kinorejissor, həmçinin “İnterfaks-Azərbaycan” agentliyinin rəhbərliyinə filmin təqdimatı üçün yaratdığı şəraitə görə minnətdarlığını bildirib.
“Müslüm Maqomayev haqqında xatirələr” filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.
F.İsazadə