Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputatlar “Qrant haqqında” qanuna dəyişikliklərin edilməsinin vacibliyini qeyd ediblər.
“Biz QHT-lərin fəaliyyətinə mane olmuruq. Biz sadəcə onların fəaliyyətinin şəffaflığını təmin etməyə çalışırıq. Qanunvercilik aktlarına təklif edilən düzəlişlər məhz bununla əlaqədardır”,- deyə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, bəzi QHT-lər müvafiq dövlət qurumlarına fəaliyyətlərinin maliyyələşdirilməsi ilə bağlı hesabatlar təqdim etmirlər.
Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycanda qanun çərçivəsində fəaliyyət göstərən QHT-lərə heç bir təzyiq göstərilmir.
“Hazırda bəzi QHT-lərin fəaliyyəti üzrə işlərə baxılır. Bu yaxınlarda məhkəmə Emil Məmmədovun işinə baxıb və ona qarşı şərti qərar çıxarıb”,- deyə deputat bildirib.
Yeni Azərbaycan Partiyasının üzvü, deputat Siyavuş Novruzov qeyd edib ki, bəzən QHT-lərə ayrılan qrantlar siyasi partiyaların maliyyələşdirilməsi məqsədi ilə istifadə olunur.
“Çox vaxt hansısa QHT-nin rəhbəri siyasi partiyanın sədr müavinidir və təşkilata ayrılmış qrantlar siyasi partiyanın fəaliyyətinin maliyyələşdirilməsinə və qanunsuz aksiyaların təşkilinə yönəldilır. Buna görə də hesab edirəm ki, gələcəkdə “QHT-lər haqqında” qanuna dəyişiklik edilməlidir”, - deyə o bildirib.
Deputat Elmira Axundova QHT-lərin xaricdən maliyyələşdirilməsinin əleyhinə çıxış edib.
R.Babayev