Azərbaycan BMT-ni və onun müvafiq strukturlarını cari ilin iyul ayında Ermənistanın girov götürdüyü Azərbaycan vətəndaşlarının qaytarılması üçün bu ölkəyə təsir göstərməyə çağırıb.
Bu ilin iyul ayının əvvəlində Şahbaz Quliyev və Dilqəm Əsgərov Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda girov götürülüblər. Daha bir azərbaycanlı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb. Ermənistan tərəfinin iddialarına əsasən, həmin şəxslər Azərbaycanın kəşfiyyat-təxribat qrupunun üzvləridir. Lakin Azərbaycanın Müdafiə Nazirliyi yuxarıda adları çəkilən şəxslərin respublikanın Silahlı Qüvvələrinə aiddiyyətinin olmadığını bildirərək Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib.
“Biz əsirlikdə olan həmvətənlərimizin dərhal qaytarılmasını və Həsən Həsənovun meyitinin bizə verilməsini tələb edirik. Bununla yanaşı, biz BMT-ni və onun müvafiq strukturlarını, habelə başqa beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə və yuxarıda adları çəkilən vətəndaşların qaytarılmasına kömək etməyə çağırırıq”, - deyə Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 65-ci sessiyasında çıxışında bəyan edib.
Komitə sədri xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində və BMT Baş Məclisinin qətnaməsində, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra sənədlərdə qeyd edildiyi kimi, azərbaycanlı qaçqınların və daxili köçkünlərin qaytarılmasına imkan yaradılması bu kateqoriyaya aid insanların hərtərəfli müdafiəsi üçün son dərəcə vacibdir.
F.İsazadə