Asiya İnkişaf Bankının (AİB) prezidenti Takexiko Nakao 3-4 noyabr tarixlərində Azərbaycana səfər edəcək.
“Səfərin əsas məqsədi 2015-ci ilin may ayında Bakıda bankın Direktorlar Şurasının illik görüşünün keçirilməsinə hazırlıq prosesinin müzakirəsidir”, - deyə T.Nakao çərşənbə axşamı AİB-in Maniladakı mənzil-qərargahında azərbaycanlı jurnalistlərlə görüşdə bildirib.
“Mən məhsuldar danışıqlar gözləyirəm”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan əhalinin hər nəfərinə düşən nisbətən yüksək ÜDM-ə malik olan zəngin ölkədir, “lakin xüsusilə yolların tiintisi, səhiyyə, təhsil və s. sahələrdə infrasturktur layihələrinə maliyyə vəsaitlərinin cəlb olunmasına hələ ehtiyac duyur”.
T.Nakao qeyd edib ki, Azərbaycan qədim sivilizasiyaların kəsişməsində yerləşən çox maraqlı ölkədir.
Bankın rəhbəri xatırladıb ki, bir gün əvvəl AİB 2014-2018-ci illər üçün Azərbaycanla yeni əməkdaçlıq strategiyasını təsdiq edib.
AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono Manilada “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə məlumat verib ki, T.Nakao Bakıya səfəri zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşəcək. Bundan başqa, bankın rəhbərliyi ölkə prezidenti İlham Əliyevlə görüşməyə ümid edir.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 1999-cu ildən AİB ölkədə 20 layihənin həyata keçirilməsi üçün ümumilikdə $1 mlrd. 637,4 mln. məbləğində kredit ayırıb. Bu vəsaitin $697,5 mlrd.-ı sərf edilib. AİB-in kreditlərinin 46,26%-i nəqliyyat və informasiya texnologiyaları, 33,9%-i su təchizatı, bələdiyyə infrastrukturu və xidmətlərin yaxşılaşdırılması, 11,42%-i energetika, 7,08%-i maliyyə, 1,34%-i təbii sərvətlər və kənd təsərrüfatı sahələrinə yönəldilib.
A.Axundov