2014-cü il oktyabrın 1-dən “Can Azərbaycan” telekanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayacaq. Bu barədə “Azərkosmos” ASC-nin məlumatında deyilir.
“Azərkosmos” və Türkiyənin "Mediathink" şirkətinin imzaladığı müqaviləyə əsasən, 1 oktyabr 2014-cü il tarixindən etibarən “Can Azərbaycan” telekanalı “Azerspace-1” peyki üzərindən yayımlanacaq.
“Can Azərbaycan” “Azerspace-1” peyki üzərindən yayımlanan 127-ci telekanal olacaq.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
Xərclərin 5-7 il ərzində çıxarılacağı, peykin istismar olunacağı sonrakı 15 il müddətində isə xalis mənfəət gətirəcəyi ehtimal olunur. “Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
A.Əzizov