Bakıda xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Gecədə "Dan ulduzu" instrumental ansamblının ifasında musiqi parçaları, ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər təqdim olunacaq.
Qılman Musayev (Qılman İlkin) 1914-cü il aprelin 11-də Bakının Mərdəkan qəsəbəsində anadan olub. “Gənc işçi” qəzetinin redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb. 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Axundov adına Dövlət mükafatı laureatı (1967), Azərbaycanın əməkdar incəsənət xadimi (1989), xalq yazıçısıdır. Q.İlkin 30-a yaxın kitabın müəllifidir.
A.Zeydullayeva