Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin təyyarələri İraqda “İslam dövləti” qruplaşmasının döyüşçülərinin mövqelərinə ilk zərbə endiriblər. Bu barədə çərşənbə günü Britaniyanın müdafiə naziri Maykl Fellon məlumat verib.
“Təsdiq edirəm ki, Kral Hərbi Hava Qüvvələri İraqın şimal-qərbində ölkə hökumətinin dəstəklənməsi əməliyyatlarında iştirak ediblər”, - deyə M.Fellon bəyan edib.
Onun sözlərinə görə, “Tornado” tipli iki qırıcı təyyarə “İslam dövləti”nə məxsus tank və nəqliyyat vasitələrinə bomba zərbələri endirib.
Uçuşları Britaniyanın Kiprdəki bazasında yerləşən təyyarələr həyata keçirib.
Dünən Britaniya parlamenti Kral Hərbi Hava Qüvvələrinin ABŞ-ın “İslam dövləti”nə qarşı formalaşdırdığı koalisiya qüvvələrinin hava hücumlarında iştirakına icazə verib. Lakin britaniyalıların iştirakı İraq ərazisi ilə məhdudlaşıb. Parlament HHQ-nin islamçıların Suriya ərazisindəki mövqelərinə hava hücumlarında iştirakına razılıq verməyib.