Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Suraxanı rayonunda biznes strukturlarının maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Suraxanı rayonunda ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, ət kəsimi və emalı müəssisəsinin, müasir istixana kompleksinin və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Suraxanı rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 46 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat kredit verməyi planlaşdırır.
A.Əzizov