Azərbaycan və Estoniya sənaye, energetika, informasiya texnologiyaları, maliyyə, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında məlumat verilir.
Məlumatda qeyd edilir ki, sentyabrın 30-da Tallində Azərbaycan ilə Estoniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib.
Estoniya tərəfdən komissiyanın həmsədri iqtisadi əlaqələr və infrastruktur naziri Urve Palon, Azərbaycan tərəfdən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur.
“Hökumətərarası komissiyanın iclasında sənaye və energetika, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük rüsumu və vergilər, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub”,- deyə məlumatda qeyd edilir.
İclasda tərəflər ölkələr arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsi üçün bir sıra layihələrin həyata keçirilməsinə kömək etməyə hazır olduqlarını ifadə ediblər.
Ə.Abbasovun özəl sektorun nümayəndələri ilə keçirdiyi görüşdə vurğulanıb ki, Azərbaycan hökuməti Estoniya tərəfi ilə əməkdaşlığın genişləndirilməsi ideyasını dəstəkləyir, eləcə də biznesin aparılması üçün əlverişli şəraitin yaradılmasına zəmin yaradacaq.
Səfər çərçivəsində nümayəndə heyəti “e-Estonia Showroom” ən yeni texnologiyaların elektron təqdimatı binasında da olub. Burada Azərbaycan nümayəndə heyəti üçün Estoniyanın “Tehnopolis” Texnoloji Parkının təqdimatı keçirilib.
Bundan başqa, Ə.Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti vəzifəsi ictimai dialoq və demokratik idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə olan “e-government Academy” Elektron İdarəetmə Akademiyasına da baş çəkib.
Ə.Abbasov Azərbaycan istehsalı olan “AZPAD” planşet kompüterini təqdim edib. O, planşeti keçmiş prezident Arnold Ryuytelə hədiyyə edib.
A.Əzizov