Ötən gecə Goranboyda kütləvi qətl hadisəsi törətmiş şəxs hüquq mühafizə orqanlarına təslim olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Goranboy rayon Prokurorluğundan məlumat verilib.
Prokurorluqdan bildirilib ki, rayonun Səfikürd kənd sakini Rafiq Hüseynov qayınatasının evinə hücum edərək ov tüfəngi və əl qumbarası ilə 7 nəfəri öldürüb, 2 nəfəri yaralayıb. Ölənlərdən biri 3 yaşlı oğlandır.
Həmçinin məlumatda deyilir ki, cinayətkar öldürülən 30 yaşlı Südabə Məmmədovanın əridir. Bir ay əvvəl R.Hüseynov S.Məmmədova ilə ailə qurub. Ailələrində baş vermiş mübahisədən sonra S.Məmmədova atası evinə qayıdıb.
R.Hüseynovun qayınatası qızına ər evinə qayıtmağa icazə verməyib. İntiqam almaq qərarına gələn R.Hüseynov ov tüfəngi və əl qumbarası ilə silahlanaraq, gecə qayınatasının evinə gəlib, 3 yaşlı uşaq da daxil olmaqla 7 nəfəri öldürüb. Yaralanmış 2 nəfər təcili tibbi yardım maşını ilə Gəncə şəhər xəstəxanasına yerləşdirilib. Hazırda onların üzərində cərrahiyyə əməliyyatı aparılır.
F.Mehdiyev