Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiyanın rolu artacaq, ATƏT-in Minsk Qrupunun rolu isə azalacaq. Rusiya İctimai Palatasının İctimai diplomatiyanın inkişafı və xaricdəki həmvətənlərə
dəstək komissiyasının üzvü, politoloq Sergey Markov belə hesab edir.
“Bu, Vaşinqton və Parisin son dərəcə zəif diplomatiyası ilə əlaqədardır. Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində ABŞ və Fransanın iş bacarığı son zamanlar xeyli aşağı düşüb, bu isə vasitəçilik missiyasında Rusiyanın üzərinə xüsusi rol qoyur”, - deyə S.Markov Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, cari ilin avqust ayında cəbhə xəttində vəziyyətin gərginləşməsi zamanı Minsk Qrupu deyil, məhz Rusiyanın vasitəçi rolunu oynaması bunun göstəricisidir.
Politoloq 2014-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində ciddi irəliləyişlərin olmamasını qeyd edib.
“Hətta vəziyyətin pisləşməsi təhlükəsi, hərbi qarşıdurmalar baş verib, onların qarşısını almaq mümkün olub. Buna baxmayaraq, məndə elə hiss var ki, bu münaqişədə gələcək dəyişikliklərin vaxtı çatıb. Misal üçün, məhz dünən AŞPA-da Sərsəng su anbarında vəziyyətlə bağlı Sosial məsələlər komissiyasının müzakirəsi keçirilib. Həmin qurumda bu məsələni Elxan Süleymanov qaldırır. Və ilk dəfə dinc əhalinin sudan istifadəsinə icazə verilməsinə dair qətnamənin müzakirəsi olub. Heç vaxt bu cür müzakirə baş tutmamışdı”, - deyə S.Markov vurğulayıb.
Onun fikrincə, tədricən hansısa “böyük müvəqqəti kompromis”in vaxtı çatır.
“Düşünürım ki, həmin böyük müvəqqəti kompromisə aşağıdakı amillər daxil olardı. Bir tərəfdən Ermənistan praktiki olaraq əhalisi olmayan, infrastrukturu dağıdılmış Dağlıq Qarabağ və ətraf 7 rayonu Azərbaycanın nəzarəti altına qaytarır. Buna qarşılıq olaraq Azərbaycan və Türkiyə tərəfindən Ermənistan və Qarabağın təcridi aradan qaldırılır. Düşünürəm ki, güzəştin bu cür formatının zamanı yetişir”, - deyə rusiyalı politoloq qeyd edib.
O hesab edir ki, bu kompromis Ermənistan-Azərbaycan münaqişəsinin son həlli üçün gələcəkdə daha müsbət şərait yarada bilərdi.
Bundan başqa, S.Markovun fikrincə, əgər Bakı və İrəvan Avrasiya İttifaqına daxil olarsa, o zaman münaqişə öz həllini tapa bilər.
“Zənnimcə, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında münaqişə hər zaman bu cür olmayıb. Bakı və İrəvan böyük birləşmənin iştirakçıları olublar və orada münaqişə olmayıb. İndi bütün ölkələr üçün mühüm olan regional ittifaq və koalisiyaların formalaşması prosesi gedir. Bizim region üçün bu, ilk növbədə Avrasiya İttifaqıdır. Mənə elə gəlir ki, Avrasiya İttifaqına həm Azərbaycan, həm Ermənistan, həm Türkiyə, həm də İranın daxil olacağı təqdirdə bu birlik çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin qəti həllinə nail olmaq mümkün olardı. Ümid edirəm ki, bu, baş verəcək”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Rusiyada ona əsaslanırlar ki, Qarabağ probleminin nizamlanması yalnız bu münaqişəyə cəlb edilən xalqların səyləri sayəsində mümkündür, “həll üçün yalnız ən yaxşı şərait yarada bilən” xarici qüvvələr tərəfindən zorla qəbul etdirilməyəcək.
“Böyük müvəqqəti kompromisin bir neçə parametri mövcuddur. Bütün arzu edənlərin daimi yaşayış yerlərinə qayıtması zərurəti. Bu, əsas parametrlərdən biridir. Və ikincisi, ərazilərindən zorla qovulan həmin vətəndaşların siyasi proseslərdə iştirakı. Regionun statusunun müəyyən edilməsinə dair heç bir qərar hüquqlara malik olan və öz ərazilərindən zorla qovulan şəxslərin iştirakı olmadan qəbul edilə bilməz. Bu, beynəlxalq hüququn ən mühüm prinsiplərindən biridir”, - deyə S.Markov vurğulayıb.
R.Babaev