“Şahdəniz” konsorsiumu “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”nin reallaşdırılması çərçivəsində ümumilikdə $200 mln. məbləğində iki yeni müqavilə imzalayıb. Bu barədə konsorsiumun məlumatında qeyd edilir.
"Bredero Shaw International B.V" şirkəti ilə sualtı axın və ilkin ixrac xətlərində istifadə olunacaq boruların üzərinə örtük çəkilməsi işlərini əhatə edən müqavilələr imzalanıb.
Məlumatda qeyd olunur ki, örtüklənmə işlərinə 2014-cü ilin sonlarında başlanacaq ki, bu da 2015-ci ilə planlaşdırılan sualtı boru kəmərlərinin inşasının birinci mərhələsini və 2018-ci ilə planlaşdırılan ikinci mərhələsini örtüklənmiş borularla təmin etməyə imkan verəcək.
Məlumatda vurğulanır ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinə dair son investisiya qərarı qəbul edildikdən sonra konsorsium tərəfindən ümumilikdə $9 mlrd. məbləğində mühəndis-layihələndirmə, tikinti və təchizat işlərinin daxil olduğu müqavilələr imzalanıb.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Statoil” (15,5%), SOCAR (16,7%), “LUKoil” (10%), NICO (10%), TOTAL (10%) və TPAO (9%) şirkətləridir.
“Şahdəniz” konsorsiumunun səhmdarları 2013-cü il dekabrın 17-də Bakıda bu yatağın işlənməsinin “Mərhələ-2” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar.
“Mərhələ-2” $28 mlrd. səviyyəsində dəyərləndirilir. İllik hasilat 16 mlrd. kubmetr təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2019-cu ildə başlanılacaq.
“Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur.
A.Əzizov