Oktyabrın 10-da Bakıda 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” sərgisi və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgisi öz işinə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sərgilərin təşkilatçıları olan “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətlərindən məlumat verilib.
Təşkilatçılar ölkədə qiymətli kadrlara tələbatın artmasını nəzərə alaraq, bu il ilk dəfə “Karyera” sərgisinin müstəqil layihə kimi keçirilməsinə qərar veriblər.
“Təhsil” və “Karyera” sərgiləri Azərbaycanda Təhsil Nazirlyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunan yeganə tədbirdir.
Bu sərgilərə dünyanın 20 ölkəsindən 100-dən artıq iştirakçının qatılması gözlənilir. “Təhsil” sərgisinin iştirakçıları bakalavr və MBA proqramları, dil kursları, biznes-proqramlar və xaricdə təhsil sistemlərini təqdim edəcəklər.
Sərgidə iştirak edən Azərbaycan təhsil müəssisələrinin də sayı artıb, belə ki, siyahıda olan eksponentlər arasında Azərbaycan Dillər Universitetini, Azərbaycan Dövlət İqtisad Universitetini, “CELT Colleges” kollecini, Bakı Ali Neft məktəbini və s. bu kimi nüfuzlu dövlət təhsil müəssisələrini görmək olar.
Sərgidə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi də öz stendində yaxın illər üçün təhsil nazirliyinin proqram və planları barədə məlumatlar təqdim edəcək.
Təhsil müəssisələrindən başqa, sərgidə laboratoriya avadanlıqları, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompüterlər təklif edən şirkətlər də iştirak edəcək.
Eyni tarixdə keçirilən “Karyera” sərgisində iştirakçıların sabit artımı müşahidə olunur. Bank işləri, neft-qaz, telekommunikasiya, maliyyə, hüquqi xidmət, satış və marketinq, energetika üzrə “Azərcell”, “Azərsun Holding”, “Bakcell”, “American Tobacco”, “BP”, “Halliburton”, JTI, ARDNŞ, “Technip” Abu Dhabi, “Unibank” və s. öz vakansiyaları ilə iştirak edəcəklər.
Sərginin daimi iştirakçısı olan Azərbaycan Gənclər və İdman Nazirliyi orta və ali məktəb məzunlarına düzgün iş seçimində, sənədlərin hazırlanmasında və işəgötürənlə müsahibələrin keçirilməsində köməklik göstərən, eləcə də vakansiya axtarışında digər faydalı məsləhətlər verən qeyri-hökumət gənclər təşkilatları və birlikləri ilə konsultasiyalar keçirməyi planlaşdırır.
Sərgi oktyabrın 12-dək davam edəcək.
A.Zeydullayeva