Bakı Azərbaycanla Braziliya arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu bəyan edir. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Braziliya xarici işlər nazirinin əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi məsələləri üzrə müavini Hadil Fontes da Roşa Vianna ilə görüşdə bildirib.
X.Xələfov iki ölkə arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə edib, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında qonağa məlumat verərək diplomat qeyd edib ki, münaqişə regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir.
Bundan başqa, nazir müavini Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən müxtəlif irimiqyaslı layihələr haqqında məlumat verib.
Öz növbəsində braziliyalı diplomat iki ölkə arasında münasibətlərin inkişafında səfirliklərin rolunu yüksək qiymətləndirib.
Onun sözlərinə görə, iqtisadi böhrana baxmayaraq, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi artıb. O, həmçinin Azərbaycanın Braziliyanın etibarlı tərəfdaşı olduğunu bildirib.
Qonaq Braziliyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələri dəstəklədiyini bildirərək, münaqişənin dialoq və qarşılıqlı anlaşma əsasında sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib.
F.İsazadə