ABŞ-ın və onun müttəfiqlərinin Hərbi Hava Qüvvələri Suriyanın əsasən kürdlərin məskunlaşdığı Eyn-əl-Ərəb şəhərində “İslam dövləti” döyüşçülərinin mövqelərinə ən azı beş hava zərbəsi endiriblər. Bu barədə Suriyada İnsan Hüquqları üzrə Müşahidə Şurası məlumat verir.
İslamçılar artıq iki həftədir Türkiyə sərhədi yaxınlığındakı şəhəri işğal etməyə cəhd edirlər.
Məlumata əsasən, hava zərbələri nəticəsində 8 döyüşçü və 1 tank məhv edilib.
“Kürdlərin müqavimət göstərə bilməsi ilə bağlı ciddi narahatliq var, çünki islamçılar hücum zamanı tank və digər ağır silahlardan istifadə edirlər”, - deyə məlumatda qeyd edilir.
Şəhərin müdafiəsi kürdlər üçün “ölüm-qalım” məsələsidir, buna görə də düşmənin həm say, həm də silahlanma baxımından üstünlüyünə baxmayaraq, kürdlər Eyn-əl-Ərəb şəhərini tərk etməkdən imtina ediblər.
Kürd müqavimət hərəkatının nümayəndəsi bildirib ki, kürdlər beynəlxalq koalisiyaya müraciət edərək İŞİD döyüşçülərinin mövqelərinə hava zərbələrinin endirilməsini xahiş ediblər.
“Biz onları (radikal islamçıları - İF) şəhərdən koalisiyanın hava zərbələri ilə çıxartmaq istəyirik. İslamçılar bizim ümumi düşmənimizdir”, - deyə o bildirib.