Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) dekabr ayında Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə (PY/TMM) qarşı fəaliyyət sisteminin IV raund qiymətləndirilməsi üzrə hesabatı müzakirə edəcək. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) məlumatında qeyd edilir.
Məlumatda vurğulanır ki, bu qərar MONEYVAL-ın 29 sentyabr-1 oktyabr tarixlərində Strasburqda keçirilən plenar iclasında qəbul edilib.
Plenar iclasda Azərbaycan nümayəndə heyətinə QKDK sədri Rüfət Aslanlı rəhbərlik edib.
İclasda hesabat layihəsinin ilkin müzakirəsi keçirilib. Hesabatda Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində mövcud vəziyyət, hökumətin bu iqtiqamətdə həyata keçirdiyi tədbirlər, əldə edilmiş nəticələr barədə məlumat öz əksini tapıb.
“Konstruktiv müzakirələrin nəticəsi olaraq hesabat layihəsinin MONEYVAL-ın dekabr ayında baş tutacaq növbəti plenar iclası zamanı müzakirəyə çıxarılması barədə qərar qəbul edilib”, - deyə məlumatda qeyd olunur.
A.Əzizov