İspaniyanın İdarəçilik və İctimai Siyasət üzrə Beynəlxalq Fondu (FIIAPP) Azərbaycanda dəniz təhlükəsizliyi üzrə layihəni başa çatdırır. Bu barədə İspaniyanın thediplomatinspain.com. qəzeti məlumat verir.
Bu layihə limanlar haqqında qanunun tənzimlənməsinə yardım etmək məqsədi ilə həyata keçirilir.
Bu qanun Azərbaycanda ticarət donanmasının fəaliyyətini tənzimləyəcək və ona keçmiş Sovet İttifaqından miras qalmış dəniz qanunvericiliyinin beynəlxalq standartlara uyğun şəkildə yenidən təşkili və modernləşdirilməsi ilə bağlı məqsədinə çatmağa imkan verəcək.
FIIAPP bildirir ki, neft və qaz ixracatçısı olan Azərbaycan hər il Xəzər dənizinə daxil olan 9,4 min gəminin hərəkətini tənzimləməlidir və hər il 35 mln. ton dəniz yükdaşımalarına nəzarəti həyata keçirir.
Avropa Birliyi iki il davam edən bu tvinninq layihəsinə 900 min avro ayırıb.
FIIAPP bu layihənin həyata keçirilməsi üçün Azərbaycana ekspert təyin etmiş İspaniyanın İctimai İşlər və İnkişaf Nazirliyinin fəaliyyətinin idarə olunmasına nəzarəti üzərinə götürüb.
Avropa Birliyi 1997-ci ildə FIIAPP-la İspaniya institutları tərəfindən həyata keçirilən bütün tvinninq layihələrinin idarə edilməsi barədə çərçivə sazişi imzalayıb. Layihələr ölkələrə Avropa Birliyinə daxil olmağa kömək etmək məqsədi ilə yaradılıb, eyni zamanda Şimali Afrika və Şərqi Avropanın bir sıra ölkələrində həyata keçirilib.
Y.Əliyev