Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonun Ronald Reyqan Mərkəzində keçirilən “Səfirlik Gecəsi”ndə respublikanın iqtisadi imkanlarını təqdim edib. Bu barədə çərşənbə günü Azərbaycanın Vaşinqtondakı diplomatik missiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan, Gürsüstan və Türkiyənin iqtisadi imkanlarının ön plana çıxarıldığı tədbir Dünya Ticarət Mərkəzi İnstitutu tərəfindən təşkil olunub və Vaşinqtonda akkreditasiya olunmuş xarici ölkə diplomatları və biznes qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbir çərçivəsində, həmçinin “Şərq Qərblə görüşür: Türkiyə və Cənubi Qafqazda biznes imkanları” adlı konfrans keçirilib.
E.Süleymanov tədbir iştirakçılarına Azərbaycanın iqtisadi göstəriciləri, Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu, respublikada reallaşdırılan enerji, nəqliyyat və digər layihələr barədə məlumat verib.
Daha sonra çıxış edən Cons Hopkins Universitinin professoru Mamuka Tsereteli Azərbaycanın Gürcüstan iqtisadiyyatında oynadığı mühüm rolu qeyd edib. O, Azərbaycanı regionun dominant ölkəsi kimi xarakterizə edib. Bununla əlaqədar M.Tsereteli Azərbaycanın Gürcüstan üçün strateji əhəmiyyətini vurğulayıb və Tiflisin Bakı ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Öz növbəsində beynəlxalq ticarət məsələləri üzrə tanınmış türk mütəxəssis Ayşe Öge Azərbaycanın Türkiyə iqtisadiyyatına ən böyük xarici investorlardan biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına yatırılmış maliyyənin həcmi 700 mln. ABŞ dollarından artıqdır və Azərbaycan yatırılan investisiyaların həcminə görə ABŞ-dan ön sıralarda gedir.
A.Öge Azərbaycanın regionda birləşdirici olduğunu vurğulayıb və iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib.
Y.Əliyev