Özbəkistan GUAM təşkilatına (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) qayıtmaq imkanlarını nəzərdən keçirə bilər. Bu barədə Özbəkistanın “Bilim Karvoni” (“Bilik Karvanı”) Elmi-Təhsil İnstitutunun direktoru Farhod Tolipov çərşənbə günü Bakıda keçirilən “Azərbaycan – Mərkəzi Asiya əlaqələri: inkişaf, əməkdaşlıq və ortaq çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edərkən qeyd edib.
“Özbəkistan GUAM təşkilatının üzvü olub və siyasi səbəblərə görə təşkilatdan ayrılıb. GUAM unikal təşkilatdır və Özbəkistan bu təşkilata qayıtmaq imkanlarını nəzərdən keçirə bilər”, - deyə o qeyd edib.
O, həmçinin qeyd edib ki, Sovet İttifaqının süqutundan sonrakı keçid dövrü artıq başa çatmaq üzrə olsa da, “Moskva var gücü ilə Azərbaycanın qərbyönlü siyasətinə mane olmağa çalışır”.
F.Tolipov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti ilə bağlı məsələyə də toxunaraq qeyd edib ki, bu gün “bu təşkilatın münaqişəli vəziyyətlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə necə reaksiya verəcəyi anlaşılmaz fakt olaraq qalır, nəzərə alsaq ki, Ermənistan bu təşkilatın, Azərbaycan isə MDB-nin üzvüdür.
Onun sözlərinə görə, Daşkənd Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Bakının BMT-də irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyib.
F.İsazadə