Bu gün “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) gələn il keçiriləcək yarışlarda kişilər üzrə 16 və qadınlar üzrə 16 komandanın yarışacağını təsdiq edir. Bu barədə BEGOC-un mətbuat xidməti məlumat verir.
Təsnifat siyahısına uyğun olaraq kişilər arasında yarışlarda Rumıniya, Sloveniya, Litva, Yunanıstan, Serbiya, Belçika, İspaniya, Estoniya, İsrail, Rusiya, Azərbaycan, Türkiyə, Çexiya, İsveçrə, İtaliya və Andorra komandaları iştirak edəcək.
Təsnifat siyahısına uyğun olaraq qadınlar arasında yarışlarda Rusiya, Sloveniya, Belçika, Niderland, Litva, Rumıniya, Türkiyə, İsveçrə, Ukrayna, İspaniya, İrlandiya, Çexiya, İzrail, Yunanıstan, Slovakiya və Azərbaycan komandaları qızıl medal uğrunda yarışacaqlar
“Biz ilk Avropa Oyunlarının başlanmasına geri qalan günləri sayırıq. Və belə bir zamanda idman yarışlarında iştirak edəcək millətlərin və komandaların adlarını təsdiq etmək imkanımızın olması bizə çox xoşdur. Mən Bakı 2015-in Basketbol 3x3 yarışlarında öz ölkələrinin iştirakını təmin etmiş bütün idmançıları təbrik edirəm”, - deyə “Bakı 2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
Dörd gün davam edəcək Basketbol 3x3 turnir yarışları 2000 tamaşaçı üçün nəzərdə tutulmuş müvəqqəti Basketbol Arenasında baş tutacaq. Oyun iki komanda arasında mövqe hücumundan başlayacaq
“Yeni və innovativ idman növlərindən biri bizim proqramımıza daxil edildiyi üçün Basketbol 3x3-ə böyük maraq olacaq və ilk Avropa Oyunlarının çempionu adlandırılmaq hüququ uğrunda gərgin yarış keçəcək. Bu idman dünyada ən sürətlə yayılan idman növlərindəndir, odur ki, biz Avropa Oyunlarına start verəndə insanların böyük marağını gözləyirik,”- deyə “Bakı 2015”in İdman Şöbəsinin direktoru Pirs O’Kallahan bildirib.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək.
Oyunlar 19 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir.
Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev