“Azərsu” Açıq Səhmdar Cəmiyyəti oktyabr ayından Sumqayıt şəhərindəki “ASAN xidmət” mərkəzi (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - İF-Az) vasitəsilə abunəçilərə bir sıra xidmətlərin göstərilməsinə başlayır. Bu barədə cəmiyyətin məlumatında deyilir.
ASC-nin abunəçilərinin Sumqayıt şəhərindəki “ASAN xidmət” mərkəzində istifadə edə biləcəkləri xidmətlərə bunlar daxildir: “Azərsu” abonentlərinin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi, borc haqqında məlumatın (arayış) verilməsi, smart-sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi, ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi.
Həmçinin “ASAN xidmət” mərkəzində “Azərsu” abonentlərinə yeni smart-kartların verilməsi, itirilmiş və ya zədələnmiş smart-kartların bərpası, qeydiyyatda olan (abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid olan - İF-Az) abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi, smart tipli sayğacın digər smart-sayğacla əvəz olunması səbəbindən yeni smart-kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi, smart-sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi kimi xidmətlər göstəriləcək.
Sumqayıt şəhərindəki “ASAN xidmət” mərkəzi 15-ci məhəllə 42d ünvanında yerləşir.
Yaxın vaxtlarda Gəncə şəhərindəki “ASAN xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərinin istifadəyə verilməsi planlaşdırılır.
Hazırda “Azərsu” xidmətləri Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzlərində təşkil olunub. Yaşayış yerindən asılı olmayaraq abunəçilər bu mərkəzlərdə “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə bilərlər.
N.Abbasova