“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədlərinə cari ilin dövlət büdcəsindən 1 mlrd. 292 milyon manat vəsait sərf edilib. Bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə günü prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı məlumat verib.
“Bu vəsaitlər əhaliyə tibbi xidmətin keyfiyyətinin artırılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, ölkənin turizm və idman potensialının genişləndirilməsi, xalqımızın nadir incilərindən olan xalçaçılığın təşviqi, milli mədəniyyətin öyrənilməsinə yönəldilib”,- deyə nazir qeyd edib.
S.Şərifovun çıxışının mətni bu gün rəsmi mətbuatda dərc edilib.
Onun sözlərinə görə, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2014-cü ilin 9 ayında dövlət büdcəsinin müvafiq xərc bölmələrindən 257 mln. manat, o cümlədən kəndlərarası yolların inşasının başlanması üçün ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 29 mln. manat vəsait ayrılıb.
Nazir bildirib ki, ölkə regionlarının qazlaşdırılması proqramı çərçivəsində hesabat dövründə 60 mln. manat ayrılıb, bütövlükdə isə proqramın icrası üçün yönəldilmiş vəsaitin həcmi 620 mln. manata çatdırılıb. Ölkənin rayon və şəhərlərinin əhalisinin içməli su ilə təmin edilməsi üçün ilin əvvəlindən 256 mln. manat vəsait sərf edilib.
A.Əzizov