Azərbaycan hökuməti “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” qanun layihəsi hazırlayıb. Bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə günü Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.
Nazirin çıxışının mətni rəsmi KİV-lərdə dərc olunub.
O bildirib ki, təbii fəlakətlər nəticəsində ölkə vətəndaşlarının əmlakına və dövlətə dəyə biləcək ziyandan sığortalanma mexanizmlərinin dünya təcrübəsi təhlil olunmaqla yaradılması üzrə də hazırlıq işləri davam edir.
S.Şərifov deyib ki, hökumət kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət ayırır. 2014-cü ilin yanvar-sentyabr aylarında “Aqrolizinq” Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən verilmiş 32 milyon manat vəsaitlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsulları istehsalçılarına taxılyığan kombaynların alınması, xaricdən damazlıq heyvanların idxalı və Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üçün 30 milyon manat vəsait ayrılıb.
O əlavə edib ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün cari ildə 105 milyon manat vəsait sərf edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.
A.Əzizov