Göygöl rayonu ərazisində “Mercedes” markalı avtobusla “KamAz” markalı yük maşınının toqquşması nəticəsində ölənlərin sayı üçə çatıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, ölən 2 azyaşlı uşaq və 1 kişi Gürcüstan vətəndaşlarıdır. Onlar toqquşmadan sonra avtobusda baş vermiş yanğın nəticəsində həlak olublar.
Avtobusda 40 nəfəri sərnişin olmaqla 42 nəfər olub. Onlardan 20 nəfər müxtəlif dərəcəli bədən və yanıq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata əsasən, yaralılardan ikisinin vəziyyəti ağırdır. Sərnişinlərin əksəriyyəti Gürcüstan vətıəndaşlarıdır.
Bakı-Tiflis marşrutu ilə hərəkət edən Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu Göygöl rayonu ərazisində Bakı-Qazax magistral yolunda eyni istiqamətdə hərəkətdə olan və mişar daşı aparan qoşqulu yük maşınının arxa hissəsinə çırpılıb.
Zərbə nəticəsində avtobusda yanğın başlayıb və nəqliyyat vasitəsi tamamilə yanıb.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyləri nəticəsində “KamAz” markalı avtomobili alovdan mühafizə etmək mümkün olub.
F.Mehdiyev