Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin monitorinqlərinin keçirilməsinə başlanılıb. Bu barədə RYTN-in məlumatında bildirilir.
Monitorinqin keçirilməsində başlıca məqsəd dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində (İS) fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının İS-lərinin bəyan olunmuş məqsədlərinə, eyni zamanda İS-lərinin "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılmasıdır.
Artıq MHM-in işçi qrupu tərəfindən Dövlət Sosial Müdafiə Fondunda, İqtisadiyyat və Sənaye Nazirliyində, Dövlət Miqrasiya Xidmətində və Ədliyyə Nazirliyində müvafiq informasiya sistemlərinin monitorinqləri keçirilib.
Digər dövlət qurumlarında analoji monitorinqlərin keçirilməsi tərtib edilmiş qrafikə uyğun planlaşdırılır.
“Monitorinqlərin yekununa əsasən informasiya ehtiyatlarının qanunvericiliklə müəyyən edilmiş şəkildə toplanılması, mühafizə edilməsi və digər dövlət qurumlarına "bir pəncərə” prinsipi əsasında ötürülməsinə nəzarət, çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması üçün təklif və tələblər hazırlanacaq”,- deyə məlumatda bildirilir.
A.Əzizov