Azərbaycanda qeyri-neft sektorunun inkişafı respublikada Britaniya şirkətlərinin fəaliyyəti üçün imkanlar yaradır. Bu barədə Azərbaycanın Brtaniyadakı səfiri Tahir Tağızadə cümə axşamı Bakıda Azərbaycan-Britaniya biznes forumunda çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, hazırda energetika Azərbaycan və Britaniya arasında əməkdaşlıq üçün əsas sektordur.
T.Tağızadə qeyd edib ki, pərakəndə ticarət, konsaltinq, maliyyə xidmətləri, bank işi, tikinti, turizm və s. sektorlarda əlaqələrin inkişafı üçün yaxşı imkanlar var.
“Böyük Britaniya Azərbaycan iqtisadiyyatına sərmayə qoyan dövlətlər arasında liderlik edir. Azərbaycan iqtisadiyyatına birbaşa sərmayə qoyuluşlarının yarıdan çoxu Böyük Britaniyanın payına düşür”, - deyə T.Tağızadə qeyd edib.
Onun fikrincə, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”nin həyata keçirilməsinə dair yekun investisiya qərarının qəbul edilməsi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafını sürətləndirəcək. “Müxtəlif qiymətləndirmələrə görə, Böyük Britaniyada 10 min nəfər azərbaycanlı yaşayır”, - deyə o bildirib.
T.Tağızadə siyasi münasibətlərdən danışaraq qeyd edib ki, Britaniya Azərbaycanın əsas tərəfdaşlarından biridir və eyni zamanda rəsmi London Bakını Xəzər regionunda əsas tərəfdaşı hesab edir. “Rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində Böyük Britaniyanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir”, - deyə o qeyd edib.
Lordlar Palatasının üzvü, Böyük Britaniyanın baş nazirinin ticarət üzrə səfiri Lord Riçard Risbi bildirib ki, hazırda Azərbaycanda 300-dən çox Britaniya şirkəti fəaliyyət göstərir. O, həmçinin Azərbaycan Dövlət Neft Fondunun Londonda daşınmaz əmlaka investisiya yatırdığını deyib. “Qeyri-sabitliyin müşahidə olunduğu regionda Azərbaycan sabit, müasir dövlət kimi inkişaf edir”, - deyə R.Risbi söyləyib.
Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadənin sözlərinə görə, Azərbaycan-Britaniya əməkdaşlığı təkcə enerji sahəsində deyil, digər sektorlarda da inkişaf edir.
Onun sözlərinə görə, bu günə qədər şirkət 100-dən çox tələbənin Britaniyanın ali mıəktəblərində təhsilini maliyyələşdirib.
A.Axundov