Fransanın Burq Le Valans şəhərinin meri Marlen Murye Fransa-Azərbaycan əlaqələrinin inkişafı əleyhinə təxribat cəhdləri ilə məşğuldur. Hakim Yeni Azərbaycan Partiyasının saytında verilən məlumata görə, bu barədə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bəyan edib.
O bildirib ki, Marlen Muryenin bütün bunları Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ probleminin həllinə dair Parisdə gözlənilən görüşü ərəfəsində etməsi xüsusilə təəssüf doğurur.
İcma sədrinin sözlərinə görə, Fransa ilə Azərbaycan arasında mədəni, iqtisadi əlaqələrin daha da inkişaf etdiyi bir dövrdə Ermənistanın və erməni diasporunun bu cür çirkin, təxribatçı əməlləri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə qarşı atılan addımdır.
“Əgər Burq Le Valans şəhərinin meri həqiqətən Şuşa ilə Burq Le Valansın qardaşlaşmasını istəyibsə, bunun üçün Azərbaycanın Şuşa rayon İcra Hakimiyyətinə müraciət etməli idi, çünki Şuşa elə Fransa dövlətinin özünün də tanıdığı Azərbaycan ərazisidir. Marlen Muryenin şəxsi mənafeyi naminə təxribat xarakterli addımları dərin təəssüf hissi doğurur və bu, öz ölkəsinin münaqişənin həllində vasitəçilik missiyasına qarşı fəaliyyətdir”, - deyə B.Səfərov qeyd edib.
O deyib ki, Bakı Fransa prezidenti Fransua Ollandın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prezidentlərin görüşünü təşkil etmək təşəbbüsünü alqışlayır və Paris görüşünə böyük ümidlərlə baxır.
“Marlen Murye kimi şəxslərin özfəaliyyəti isə yüksələn xətlə inkişaf edən Azərbaycan-Fransa dostluq əlaqələrini sarsıda bilməz. Biz Fransa hökumətindən və ictimaiyyətindən bu məsələyə sərt reaksiya veriləcəyini gözləyirik”, - deyə B.Səfərov vurğulayıb.
Xatırladaq ki, Fransanın Burq le Valans şəhərinin meri Marlen Murye Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib və bu qanunsuz səfər çərçivəsində Şuşa şəhəri ilə Burq Le Valans şəhəri arasında “Dostluq haqqında bəyanat” imzalayıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev də Fransa merinin bu addımını pisləyən bəyanatla çıxış edib.
R.Babayev