Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində “Army” mağazası üçün inşa edilmiş soyuducu anbarda qaz sızması zamanı partlayış nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Partlayış nəticəsində anbarın üstündə olan beton örtük dağılıb, binanın qarşısında dayanmış “KİA” və “Mercedes” markalı avtomobillərə ziyan dəyib, habelə binanın ikinci mərtəbəsindən doqquzuncu mərtəbəsinədək olan mənzillərin pəncərə şüşələri sınıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri mağazanın dağıntıları altından Quba rayon sakini Etiram Əmrahovun cəsədini çıxarıblar. 8 nəfər (5 kişi və 3 qadın) müxtəlif bədən xəsarətləri və yanıqlarla Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktın araşdırılması ilə rayon prokurorluğu məşğul olur.
C.Həmidov