Azərbaycan Dövlət Neft Fondu (ARDNF) fondun inzibati binasının sığortalanması üçün sığorta şirkətinin seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Tender elanına əsasən, sığortaçının vəzifələrinə aşağıdakılar daxil olacaq: Bakıda fondun 22 mərtəbəli yeni inzibati binasının və bütün texniki obyektlərin (qazanxana, elektrik yarımstansiyası, istilik və soyutma sistemləri) sığortası, daşınan əmlakın sığortası, daşınmaz əmlakın istismarının icbari sığortası.
Tenderdə iştirakda maraqlı olan sığorta şirkətləri 2014-cü il noyabrın 25-dək təklif dəyərinin 1%-i həcmində bank zəmanəti ilə müşayiət olunan təkliflərini tender komissiyasına təqdim etməlidirlər.
Tender proseduru 2014-cü il noyabrın 26-də keçiriləcək.
Xəbər verildiyi kimi, ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
A.Əzizov