Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən “Army” mağazasının soyuducu anbarında baş verən partlayış faktı ilə bağlı cinayət işi açılıb. Bu barədə Bakı şəhər Prokurorluğunun cümə günü yaydığı məlumatda deyilir.
İlkin versiyaya əsasən, oktyabrın 8-də baş verən partlayışa qaz sızması səbəb olub.
İnsident nəticəsində 1 nəfər həlak olub, 8 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaxınlıqda olan avtomobillərə də ziyan dəyib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər və rayon prokurorluqlarının, Bakı Şəhər Baş Polis İdarəsi və rayon Polis İdarəsi əməkdaşlarının, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda istintaq davam etdirilir.
R.Babayev