Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov MDB ölkələrindən Azərbaycana gələn turistlərin sayının artdığını qeyd edir.
“MDB ölkələri ilə əməkdaşlıq prioritetlərimizdən biridir. Rusiya, Ukrayna, Qazaxıstan və digər MDB ölkələri Azərbaycan üçün əsas turist tədarükçüsü olaraq qalmaqdadır”, - deyə N.Səmədov cümə günü Bakıda keçirilən MDB Parlamentlərarası Assambleyasının (PAA) Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi Komissiyasının iclasında bəyan edib.
Nazir müavininin sözlərinə görə, 2013-cü ildə Azərbaycana səfər etmiş əcnəbi vətəndaşların 2,5 mln.-dan çoxu - 40%-ə qədəri MDB ölkələrinin vətəndaşlarıdır.
“Rusiyadan Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayı 3,1%, Qazaxıstandan - 11,6%, Belarusdan - 17,2%, Ukraynadan - 22,2% artıb”, - deyə N.Səmədov bildirib.
O məlumat verib ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin planlarına MDB ölkələri ilə əməkdaşlığın gələcək inkişafı, eləcə də bir sıra MDB ölkələrinin turoperatorları üçün infoturların təşkili daxildir.
“MDB ölkələri ilə turizm sahəsində əməkdaşlıq turizm sərgilərində, konfranslarda, seminarlarda və qarşılıqlı maraq kəsb edən digər layihələrdə qarşılıqlı iştirak hesabına həyata keçirilir”, - deyə nazir müavini qeyd edib.
N.Səmədov vurğulayıb ki, mədəniyyət və turizm Azərbaycanın inkişafında mühüm rol oynayır və ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
R.Babayev