Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 240 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2014-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 4,233 min sahibkarın layihələri maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 9,4 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə günü Zərdab rayonunda sahibkarlığa dövlət dəstəyi mövzusunda tədbir təşkil edib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
İndiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 8870 layihənin həyata keçirilməsi üçün SKMF-in xətti ilə 398,7 mln. manat güzəştli kredit verilib. Bu layihələr çərçivəsində 31,5 mindən artıq yeni iş yeri yaradılıb.
“Cümə günü keçirilən tədbir çərçivəsində 56 sahibkarlıq subyekti ümumilikdə 18,7 mln. manat məbləğində güzəştli kredit alıb. Kredit vəsaitləri heyvandarlıq, bağçılıq, üzümçülük, süd emalı, tikinti materiallarının istehsalı və s. sahələrdə layihələrin reallaşdırılması üçün ayrılıb. Bu investisiya layihələrinin reallaşdırılması nəticəsində 200-dən çox yeni iş yeri açılacaq”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 46 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.
A.Axundov