Bazar ertəsi Azərbaycanın cənub regionunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat verilir.
Biləsuvar rayonu, Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində 33 nəfər sərnişindən 3 nəfəri həlak olub, daha 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
FHN-in xilasediciləri avtobusdan həlak olanların cəsədlərini və xəsarət alanları, eləcə də digər sərnişinləri çıxarıblar.
ANS telekanalının məlumatına əsasən, avtobusda İranın Məşhəd şəhərinə gedən azərbaycanlı zəvvarlar olub. İlkin ehtimala görə, qəzaya sürücünün yatması səbəb olub.
R.Babayev