Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Yunanıstanın Kastoriya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayev Kastoriya Universitetində (Qərbi Makedoniya əyaləti) “Azərbaycanın neft-qaz ehtiyatları və seysmo-geodinamikası” mövzusunda məruzə ilə çıxış edib.
Bundan başqa, Q.Babayev Kozani şəhərində yerləşən Texniki Universitet, Saloniki şəhərindəki Texniki və İqtisadiyyat institutlarının rəhbərləri, müəllim və tələbə heyətləri ilə görüşlər keçirib.
Görüşlərdə əməkdaşlıq imkanları, bu istiqamətdə müvafiq sazişlərin tərtibi, həmçinin Yunanıstanın elmi müəssisə və təşkilatları ilə əməkdaşlıq edən xarici elmi qurumların təcrübəsindən faydalanma məsələləri müzakirə olunub.
Bundan başqa, geodinamika, ətraf mühitin təhlili, rəqəmsal media, iqtisadiyyat, neft-qaz ehtiyatlarının öyrənilməsi və s. sahələrdə tədqiqatların inkişafı məsələləri, iki dövlət arasında müəyyən elmi sahələr üzrə beynəlxalq laboratoriya və mərkəzlərin yaradılması imkanları müzakirə edilib.
A.Zeydullayeva