Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) vətəndaşların fərdi yaşayış evlərinin könüllü sığortalanması sahəsində mövcud problemləri müzakirə edib. Bu barədə ASA-nın məlumatında qeyd edilir.
Könüllü sığortalar üzrə Komitənin iclasında vətəndaşların əmlakının könüllü sığortalanması sahəsində problemlər müzakirə edilib. Komitənin iclasında 14 sığorta şirkətinin nümayəndələri iştirak edib.
İclas zamanı qeyd edilib ki, Bakının ayrı-ayrı hissələrində fərdi yaşayış evlərinin tikintisi müstəqil formada həyata keçirilir və tikinti normalarına hər zaman əməl olunmur. Bundan başqa, bu cür evlər sürüşmə zonalarına yaxın və yaxud qrunt sularının yer səthinə yaxın olduğu ərazilərdə tikilir, bu isə sığorta risklərini artırır.
Məlumatda vurğulanır ki, hazırda bir neçə sığorta şirkəti bu sahədə müəyyən problemlərlə üzləşib. Xüsusilə sığorta şirkətlərindən bir neçəsinin sığortaladığı 5 evdə keyfiyyətlə bağlı problemlər ortaya çıxıb. Bundan başqa, bu cür problemlər həmin ərazidə yerləşən, lakin sığorta olunmayan fərdi evlərdə də yarana bilər.
“İclasda bu cür problemlərin həlli yolları müzakirə olunub, Bakıda tikintiyə nəzarətin gücləndirilməsinə dair müxtəlif təkliflər irəli sürülüb. Bundan başqa, komitə üzvləri könüllü sığorta növləri ilə bağlı mövcud vəziyyəti və onların inkişaf etdirilməsi üçün zəruri tədbirləri müzakirə ediblər”, - deyə məlumatda qeyd edilir.
ASA 2006-cı ilin dekabr ayında yaradılıb. Onun yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təmin edilməsi, sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.
A.Əzizov